ELM VƏ TƏHSİL
Suraxanıda Heydər Əliyev və müasir Azərbaycan tarixi mövzusunda açıq dərslər keçirilir
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslərə start verilib.
Dərslərin ilk günündə rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova çıxış edərək 1969-cu ildən 1982-ci ilədək Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdən danışıb. Bildirib ki, məhz bu illərdə Azərbaycan SSR-də Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşaması üçün əsaslar yaradılıb və milli tarixşünaslıqda bu dövr xüsusi tədqiqat mövzusu hesab edilir.
S.Hüseynova 1993-cü ilin oktyabrında Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkənin daxili və xarici siyasətində yaranın əsaslı dönüşdən də söhbət açıb. O, həmin vaxtdan Azərbaycanda həyata keçirilən hüquqi, sosial-iqtisadi, hərbi islahatların ölkəmizin qüdrətinin artmasına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaratdığını söyləyib.
İcra başçısının müavini, həmçinin 2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin ölkənin siyasi, sosial-iqtisadi və mədəni tarixində yeni mərhələnin başlanğıcı olduğunu diqqətə çatdırıb.
Daha sonra tarix müəllimləri şagirdlərə mövzu üzrə slaydlar nümayiş etdirməklə ətraflı məlumat veriblər.
2014-2015-ci tədris ili üçün Suraxanı rayonunda yerləşən 280, 146, 290, 208 və 89 nömrəli tam orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdlərinə ayda bir dəfə keçiriləcək dərslərin məqsədi ulu öndər Heydər Əliyev irsinin gənc nəslə çatdırılmasıdır.
Açıq dərslərə 2015-ci il mayın 10-da Ulu Öndərin doğum günündə yekun vurulacaq.