ELM VƏ TƏHSİL
Suraxanıda “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs
Bakı, 28 noyabr, AZƏRTAC
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında bu rayonun ərazisində fəaliyyət göstərən məktəblərin XI sinif şagirdləri üçün “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilib.
Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən bildiriblər.
“Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində ayda bir dəfə keçirilməklə 2014-2015-ci tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonda fəaliyyət göstərən bütün məktəbləri əhatə edəcəkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Beş məktəbdən 110 şagirdin iştirak etdiyi açıq dərs Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb. Şagirdlərə Mərkəz haqqında ətraflı məlumat verilib. Mərkəzin sifarişi ilə hazırlanmış “Millət Atası” filminə baxılıb.
Açıq dərsin mövzusunu elan edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev özünü azərbaycanlı sayan hər kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Ulu Öndəri sevən hər kəs qürur duyur ki, bu dahi insanın - Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib.
Açıq dərsdə 196 nömrəli tam orta məktəbin müəllimi Bəhruz Cabbarov “Ulu Öndər dühası”, 281 nömrəli tam orta məktəbin müəllimi Flora Osmanova “Dilimizin dərin qatlarını zənginləşdirən Ulu Öndər”, 275 nömrəli tam orta məktəbin müəllimi Gülnarə Əliyeva “Heydər Əliyev və müasir Azərbaycan təhsili”, 315 nömrəli tam orta məktəbin müəllimi Arzu İsgəndərova “Ən şərəfli ailə”, 118 nömrəli tam orta məktəbin müəllimi Kənan Quliyev “Heydər Əliyevin neft strategiyası” mövzularında mühazirələr oxuyublar.
Açıq dərs bu fikirlərlə yekunlaşdı ki, ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan Respublikasının sükanı etibarlı əllərdədir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Azərbaycan son 11 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayıb.
Açıq dərsdəki bütün mövzular xüsusi hazırlanmış foto, videomateriallarla şagirdlərin diqqətinə çatdırılıb.