İQTİSADİYYAT
Suraxanıda cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Bakı, 21 oktyabr. AZƏRTAC
Suraxanı rayonunda 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, icra hakimiyyətinin başçısı İlqar Abbasov hesabat dövründə görülən işlərlə bağlı məlumat verib.
Qeyd edilib ki, hesabat dövründə Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 183,4 milyon manat, tikinti-quraşdırma işləri 37,7 milyon manat, nəqliyyat xidmətləri 3,7 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 24,6 milyon manat, kənd təsərrüfatı 2,5 milyon manat, pərakəndə ticarət dövriyyəsi 243,9 milyon manat olub, orta aylıq əmək haqqı 557 manat təşkil edib, əhaliyə 154,2 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 3031 yeni iş yeri açılıb.
Qeyd edilib ki, cari ilin 9 ayı ərzində yeni qaz kəmərləri, kompleks transformator məntəqələri tikilib, su və kanalizasiya xətləri çəkilib, Hövsan qəsəbəsində yüksəkgərginlikli elektrik yarımstansiyasının tikintisi davam etdirilib.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri çıxış edərək ölkəmizin sosial-iqtisadi, mədəni inkişafından, rayonda aparılan abadlıq, quruculuq işlərindən, sosial sahədə qazanılan uğurlardan, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsindən, qaçqın və məcburi köçkünlərə dövlət qayğısından danışıblar.