İQTİSADİYYAT
Suraxanıda ilin birinci rübünün yekunları müzakirə edilib
Bakı, 18 aprel, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclası keçirilib.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov iclasda çıxış edərək bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanıda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan verib.
Məlumat verilib ki, 2015-ci ilin 1-ci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 49,8 milyon manat, tikinti-quraşdırma işləri 10,3 milyon manat, nəqliyyat xidmətləri 1,2 milyon, əsas kapitala yönəldilən investisiyalar 14,3 milyon, kənd təsərrüfatı 0,4 milyon, pərakəndə ticarət dövriyyəsi 64,5 milyon manat, orta aylıq əmək haqqı 540 manat olub. Bu dövr ərzində əhaliyə 68,4 milyon manat məbləğində pullu xidmətlər göstərilib, daimi olmaqla 625 yeni iş yeri açılıb.
Hesabat dövründə Yeni Günəşli “AB” yaşayış sahəsində 262 saylı uşaq bağçası əsaslı təmir olunub, Bülbülə qəsəbəsində “Bakı Toxuculuq” ASC-nin inzibati binasının əsaslı təmirinə başlanılıb, Qaraçuxur qəsəbəsində idman zalı və 146 saylı məktəb üçün 25 sinif otağından ibarət əlavə tədris korpusu, idman və akt zallarının, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində idman zalı və icra hakimiyyəti tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin tikintisi davam etdirilib.
Rayonun Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrinin, Yeni Suraxanı qəsəbəsindən Binə qəsəbəsinə gedən yolun 4,2 kilometr hissəsinin yenidən qurulması və asfaltlanması işlərinə başlanılıb.
Zığ qəsəbəsindəki “Bakubus" MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində tamamlama işləri başa çatmaq üzrədir.
Hesabat dövründə rayonun aidiyyəti müəssisələri tərəfindən lay suları və neftlə çirklənmiş 3,38 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 2,93 hektar olan müxtəlif ölçülü 10 gölməçə qurudulub, 15 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib.
Sahibkarlığa Kömək Milli Fondu ilə birgə 80 sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində yerləşən “ATEF Elektromaş” zavodunda növbəti kredit yarmarkası keçirilib, 18 sahibkarlıq subyektinə 5,2 milyon manat güzəştli şərtlərlə kredit verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan I “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilib, bu dövr ərzində 1250 ağac əkilib.
Birinci rüb ərzində rayonun aidiyyəti idarələri tərəfindən 7405 nəfərə 1,5 milyon manatdan artıq sosial müavinət ödənilib, 2280 ailəyə 948 min manat ünvanlı sosial yardım edilib, 215 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilib. Rayon Məşğulluq Mərkəzinə müraciət edən 314 nəfərdən 140 nəfəri, o cümlədən kvota üzrə 7 nəfər işlə təmin olunub, 28 nəfər peşə hazırlıq kurslarına göndərilib. Rayonda təhsil alan 234 şagird peşəyönümünə cəlb edilib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva və başqaları məruzə ətrafında çıxış edərək əldə olunmuş nailiyyətlərdən, nəzərdə tutulan abadlıq tədbirlərindən, vətəndaşların müraciətləri ilə bağlı görülən işlərdən danışıblar.
Şura iclasında rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup şəxs təltif edilib.