CƏMİYYƏT
Suraxanıda növbəti ağacəkmə aksiyası keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Əmircan-Qaraçuxur yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı yolun kənarlarında müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb. İki yüz nəfərin iştirak etdiyi aksiyada 500 ədəd kiparis ağacı əkilib.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, artıq ənənəvi hal alan bu iməcilik ölkəmizdə geniş vüsət alan yaşıllaşdırma kampaniyasına verilən dəstəkdir. O, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verdiyini deyib. Hazırda isə bu məsələnin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, ekoloji tarazlığın bərpa edilməsi, insanlar arasında təbiətə qayğı hissinin təbliği istiqamətində son illərdə geniş tədbirlərin həyata keçirilməsi bunun bariz ifadəsidir. Bu işdə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi xüsusilə fəal rol oynayır.
Beləliklə, “Ümumrespublika yaşıllaşdırma” marafonunun növbəti mərhələsində rayonda 3 min 500-dən çox ağac əkilib.