CƏMİYYƏT
Sürət həddini aşaraq piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs həbs edilib
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 20-də saat 18 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Səfiyev Bəhman Süleyman oğlu etibarnamə olmadan idarə etdiyi, tanışı - 1979-cu il təvəllüdlü, Bakı şəhəri sakini İsayev Rəşad Zakir oğluna məxsus “Mercedes Benz G63” markalı, “10 LJ 010” dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən sürətin maksimum həddinin saatda 90 kilometrədək məhdudlaşdırıldığı sahədə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı-Bilgəh yolu ilə saatda 100 kilometr sürətlə hərəkət edərkən yolu keçən piyada - 1959-cu il təvəllüdlü, Buzovna qəsəbəsində kirayədə yaşayan Musayev Elman Zaman oğlunu ehtiyatsızlıqdan vurub.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumatla əlaqədar əməliyyat-istintaq qrupu yaradılıb. Dərhal hadisə yerinə rayon prokurorunun iştirakı ilə baxış keçirilib. Hadisə yeri ətraflı müayinə olunmaqla fotoşəkillər çəkilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla əlaqədar Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb və məhkəmə-avtotexniki ekspertizaları təyin edilib.
Bəhman Səfiyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin cinayət işi üzrə, eləcə də Bəhman Səfiyevin bir qrup şəxslə 2015-ci ildə Nərimanov rayonu ərazisində baş vermiş silahlı insidentdə iştirakı ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatların tam, hərtərəfli və obyektiv araşdırılaraq qanunamüvafiq qərarın qəbul olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.