DÜNYA


Sürətlə silahlanma ATƏT ölkələrini narahat edir

A+ A

Berlin, 28 noyabr, AZƏRTAC

Almaniya Xarici İşlər Nazirliyinin hesablamalarına görə, Rusiya-Qərb münasibətlərini kəskinləşdirən Ukrayna münaqişəsi sürətlə silahlanmanı tamamilə real edib. “Die Welt” qəzeti F.V. Ştaynmayerin bu sözlərini sitat gətirib: “Yaranmış vəziyyət müharibə və sülh məsələsini qitəmiz üçün yenindən aktual edib”. F.V.Ştaynmayerin sözlərinə görə, Avropa yeni sürətlə silahlanma təhlükəsi qarşısındadır. Buna görə də “sabitliyi və sülhü möhkəmləndirmək üçün mümkün olan hər şeyi etmək lazımdır”.

Almaniya xarici işlər nazirinin nöqteyi-nəzərini silahlara nəzarət prosesinin “yenidən başlanmasına” dəstək qrupunda birləşən ATƏT ölkələrindən 15 həmkarı da bölüşüb. Noyabrın 25-də Berlində keçirdikləri görüşdə onların qəbul etdikləri bəyanatda F.V.Ştaynmayerin dəlilləri, demək olar, sözbəsöz əksini tapıb.

Avropanın təhlükəsizlik sisteminin getdikcə öz məzmununu itirməsindən dərin narahatlıq hissi keçirən nazirlər həyəcanlı vəziyyətin səbəbini Ukrayna böhranında görüblər.

Daha sonra bəyanatın mətnində söhbət Avropanın mövcud təhlükəsizlik rejiminin, o cümlədən hələ 1990-cı ildə imzalanmış Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin əsasının sarsıdılmasından gedir. 16 nazirin bəyanatında deyilir: “Avropada təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətin sabitliyinin getdikcə daha çox pozulmasını nəzərə alaraq, biz sabitliyi, ehtiyatlılığı, proqnozlaşdırmanı və yoxlanıla bilən şəffaflığı bərpa etməyi və bununla da hərbi riskləri azaltmağı son dərəcə əhəmiyyətli sayırıq”.

Bəyanatın sonunda ATƏT-in qalan üzvlərinə bu təşəbbüsü dəstəkləmək və Avropada adi silahlar üzərində nəzarət məsələlərinə dair konstruktiv dialoqa başlamaq çağırışı yer alıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.