İDMAN
Sürixdə FİFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs edilib
Bakı, 27 may, AZƏRTAC
“The New York Times” qəzeti xəbər verir ki, çərşənbə günü səhər Sürixdə İsveçrə hakimiyyət orqanları FİFA-nın bir neçə yüksək vəzifəli məmurunu həbsə alıb.
İsveçrə hüquq mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq etmədən Sürixdə təşkilatın növbəti iclasına gəlmiş məmurların qaldıqları otelə gəliblər.
Qəzetin məlumatına görə, məmurlar sakitcə həbs olunublar, həbsə alınanların ikisi oteldən qandalsız çıxarılıb. FİFA-nın bir məmuru – Kosta-Rikadan olan Eduardo Li otelin arxa qapısından çıxıb. Xəbər verilir ki, həbsə alınanların əksəriyyəti – FİFA-nın icraiyyə komitəsinin üzvləridir.
Saxlanılanlar son iki onillikdə dünya çempionatlarının keçirilməsi üçün sifarişlərlə bağlı korrupsiyanın yayılmasında, habelə marketinq və veriliş sazişlərinin bağlanması ilə əlaqədar fırıldaqçılıqda ittiham olunurlar. Dələduzluq, reket və çirkli pulların yuyulmasında iştirakla bağlı ittihamlar da buraya əlavə olunub.
Hüquq mühafizə orqanlarının nümayəndəsi deyib: “Prokurorlar on nəfərdən çox məmura qarşı iddia qaldırıblar, onların heç də hamısı Sürixdə deyil. Bu məmurlar arasında icraiyyə komitəsinin vitse-prezidenti Ceffri Uebb (Kayman adaları), Uruqvaydan olan Euxenio Figeredo (o da icraiyyə komitəsinin vitse-prezidentidir və bu yaxınlaradək Cənubi Amerika futbol birliyinin prezidenti olub), habelə icraiyyə komitəsinin keçmiş üzvü, çoxsaylı etik qayda pozuntusunda ittiham olunan Cek Uorner (Trinidad və Tobaqo) də vardır”.
Həbs edilmiş məmurlar ABŞ-a ekstradisiya olunublar.
Həbslər FİFA rəhbərinin növbəti seçkilərinə iki gün qalmış aparılıb. Bu il həmin vəzifəyə iki nəfərin – İordaniya şahzadəsi Əli bin əl-Hüseynin və təşkilatın indiki prezidenti, 1988-ci ildən bu vəzifəni tutan Yosef Blatterin namizədlikləri irəli sürülüb. Bundan əvvəl namizədlər arasında Niderland Kral Futbol İttifaqının rəhbəri Mixael van Praq və Portuqaliya yığmasının keçmiş kapitanı Luiş Fiqu da olublar, lakin onların hər ikisi mayın 21-də öz namizədliklərini geri götürüb.
Amerika hüquq mühafizə orqanlarının ittihamlarına korrupsiya, o cümlədən dünya çempionatlarının keçirilməsi üçün ölkələrin sifarişlərinin təşkilat tərəfindən təsdiqlənməsi ilə əlaqədar korrupsiya, elektron kommunikasiya vasitələrinin tətbiqi ilə bağlı fırıldaqçılıq və çirkli pulların yuyulması daxildir.
“The Wall Street Journal” qəzeti yazır ki, Amerikanın hüquq mühafizə orqanları FİFA barəsində bir neçə il təhqiqat aparıb. FİFA icraiyyə komitəsinin ABŞ-dan olan üzvü Çarlz Bleyzer istintaqla əməkdaşlıq etməyə başladıqdan sonra iş sürətlənib. O, təşkilat rəhbərliyinin üzvləri ilə söhbətlərin yazılarını istintaqa təqdim edib.
KİV-lərdə dərc olunmuş hay-küylü yazılardan sonra FİFA Rusiyada və Qətərdə keçiriləcək 2018-ci və 2022-ci illərin dünya çempionatlarının təşkilatçıları olan ölkələrin seçilməsi prosesi ilə bağlı daxili araşdırma aparıb. Pozuntu aşkar edilməyib. FİFA təşkilatın prezidenti Blatterin 2018-ci və 2022-ci illərin dünya çempionatlarının ev sahibləri olacaq ölkələrin seçilməsi işi ilə əlaqədar FTB tərəfindən dindiriləcəyindən qorxduğuna görə ABŞ-a getməməsi barədə informasiyanı da təkzib edib. Dünya miqyaslı bütün futbol turnirləri, o cümlədən FİFA-nın dünya çempionatı, qadınlar arasında analoji turnir, gənclər və yeniyetmələr arasında turnirlər, konfederasiyalar kuboku və dünya klub çempionatı FİFA-nın himayəçiliyi ilə keçirilir. Təşkilatın hesabatlarına görə, o, 2011-2014-cü illərdə yayım hüquqlarının satışından və sponsorluq kontraktlarından 5,7 milyard dollardan çox pul əldə edib.