DÜNYA
Suriya müxalifəti Əl-Bab şəhərinin İŞİD-dən azad olunduğunu bildirir
Bakı, 23 fevral, AZƏRTAC
Suriya müxalifəti Əl-Bab şəhərini İŞİD qruplaşmasından tamamilə azad edib. Bu barədə Azad Suriya Ordusunun (ASO) rəsmi nümayəndəsi məlumat verib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu şəhər mərkəzinə nəzarəti tam ələ keçirib. Hazırda burada qruplaşma tərəfindən yerləşdirilən partlayıcı vasitələrin təmizlənməsi işi aparılır.
Agentlik “Fərat qalxanı” əməliyyatının 184 günü ərzində 1900 kvadratkilometrdən çox ərazinin terrorçulardan təmizləndiyini, ASO-nun Türkiyə sərhədindən Suriyanın içərilərinə doğru 39 kilometr irəlilədiyini bildirir.
Xatırladaq ki, Əl-Bab İŞİD qruplaşmasının Suriyada əsas dayaq məntəqələrindən biri sayılır. “Fərat qalxanı” əməliyyatı çərçivəsində müştərək hərəkət edən Türkiyə Silahlı Qüvvələri və ASO son iki ayda qüvvələrini şəhərin azad olunması istiqamətində cəmləmişdi. Təxminən bir həftə əvvəl onlar şəhərə girməyə nail olmuşdular. Sonradan Türkiyənin müdafiə naziri Fikri Işık Əl-Bab şəhərinin məhəllələrinin yarıdan çoxunun Türkiyə ordusu və müxalifətin nəzarəti altına keçdiyini bildirmişdi.