İQTİSADİYYAT
Sürücülər ingilis dili kurslarına cəlb olunacaq VİDEO
Bakı, 4 avqust (AZƏRTAC, Ceyhun Rüstəmov). Birinci Avropa Oyunları ilə əlaqədar ictimai nəqliyyat sürücüləri ingilis dili kurslarına cəlb olunacaqlar. Kurslar bu ilin sentyabrından gələn ilin martınadək Beynəlxalq Avtovağzal Kompleksində və Dərnəgüldəki Tədris Kurs Kombinatında təşkil ediləcək.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AZƏRTAC-a bildirib ki, qurum peşəkar sürücü bazasının yaradılması istiqamətində ardıcıl iş aparır. İctimai nəqliyyatda çalışan sürücülərin ingilis dilində ünsiyyət qurmaq bacarığına yiyələnməsi də bu tədbirlərdən biridir. “Xüsusən I Avropa Oyunları ilə əlaqədar çoxsaylı turistlərə xidmət edəcək sürücülərin xarici dili öyrənmələri zəruridir”, - deyə nazirliyin mətbuat katibi vurğulayıb.
N.Həsənov deyib ki, paytaxtımızda ictimai nəqliyyat sistemi daim müasirləşdirilir. Beynəlxalq Avtovağzal Kompleksində, “Azərbaycan Dəmir Yolları”nda onlayn bilet satışı sistemi tətbiq olunur. Turistlər bu xidmətdən də yararlana bilərlər. Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələcək turistləri istiqamətləndirmək üçün yollarda yarışların keçiriləcəyi idman obyektləri, otellər, tarixi məkanlar və istirahət mərkəzləri barədə işarəverici lövhələr quraşdırılacaq.