ELM VƏ TƏHSİL
Sürüşmələrin əmələ gəlməsinə antropogen təsirlərin rolu öyrənilib
Bakı, 19 dekabr, Əziz Məmmədov, AZƏRTAC
İlk dəfə Böyük Qafqazın şimal-şərq yamaclarının dağ-meşə və dağ-çəmən geosistemlərində fitokütlə ehtiyatlarının yerüstü hissəsi öyrənilib, həmin ehtiyatların bioloji dövrə qoşulması şərtləri təhlil edilib, həcm-kütlə ölçüləri hesablanıb, sürüşmələrin, ələlxüsus, irimiqyaslı Urva sürüşməsinin əmələ gəlməsinə antropogen təsirlərin rolu öyrənilib, təbii-coğrafi mühitin ekoloji gərginlik elementlərinin dərəcəsi müəyyənləşib, onların optimallaşdırılması yolları göstərilib.
Bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov səsləndirib. O deyib: “Ərazinin 3D formatında irimiqyaslı (1: 200 000) mənimsənilmə (ekoloji gərginlik) və yamacların meyillik xəritələri də tərtib edilib. Tədqiqatların icrasına institutun ekoloji coğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev cavabdeh olub”.