MƏDƏNİYYƏT
Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümə yekun vurub
Bakı, 14 iyun, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümə 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan – Yurdum mənim” adlı konsert proqramı ilə yekun vurub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, konsert proqramında xalq və bəstəkar mahnıları səslənməklə yanaşı, teatrın repertuarında olan tamaşalardan səhnəciklər təqdim edilib.
Eyni zamanda, Xalq Şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı musiqili ədəbi–bədii kompozisiyalar da nümayiş olunub.
Konsert proqramında Əməkdar artistlər Şükufə Musayeva, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Xanirə İsgəndərova, Teymur Məmmədov, Mobil Qurbanov, Rasəf Mehdiyev, Aybəniz Cahangirova, Yaşar Muradov, Zahid Mehdiyev və başqaları iştirak ediblər.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə reallaşan kompozisiyaların rejissoru Əməkdar Artist Yadigar Muradov, musiqi rəhbəri isə Əməkdar Mədəniyyət İşçisi Nəsib Məhərrəmovdur.
Təqdim edilən kompozisiyalar maraqla qarşılanıb və bununla da sənət ocağının 143-cü mövsümünə yekun vurulub.