REGİONLAR
Şüşə qırıntılarını sənət əsərinə çevirən sənətkar VİDEO
Xaçmaz, 8 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Nərəcan kənd sakini Ceyhun Surxayev lazımsız şüşə qırıntılarından yaratdığı əl işləri ilə hamının diqqətini cəlb etməyi bacarıb.
AZƏRTAC xəbər verir ki, istedadlı gənc 17 ildir ki, çəkdiyi rəsmlərin üzərini şüşə qırıntıları ilə bəzəyərək daha da baxımlı edir. Ceyhun Surxayev bu əsərləri ərsəyə gətirmək üçün həm rəssamlıq, həm də dülgərlik bacarığının olmasını vacib sayır. Çünki bəzi əl işlərində rəssamlıqla yanaşı, oyma işindən də istifadə olunur.
İstedadlı gənc əl işlərinə xüsusi parlaqlıq verən rəngli şüşələri çətinliklə əldə edir. Elə hallar olub ki, Ceyhun Surxayev lazım olan rəngdə şüşəni əldə etmək üçün təzə güldan, vaz və başqa əşyaları sındırmaq məcburiyyətində qalıb.
Ceyhun Surxayev respublika əhəmiyyətli müsabiqələrdə və sərgilərdə uğurla çıxış edərək yüksək nəticələr göstərib. Sosial şəbəkələrdən aktiv istifadə edən Ceyhun bu yolla əl işlərinin satışını da təşkil edir.