CƏMİYYƏT
Suyun oksigen rejimi bütün məntəqələrdə norma daxilində tərəddüd edib
Bakı, 27 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayının ikinci ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, mart ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi mart ayının birinci ongünlüyünə nisbətən saniyədə 56 kubmetr artaraq saniyədə 245 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin, həmçinin fenolların miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.7, Ağstafaçayda 4.4, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Mart ayının ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 2.5, I Şahsevəndə 2, Bəhramtəpədə isə 3 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.15-7.22 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.