SİYASƏT
Sverdlovsk vilayətində insan hüquqları üzrə müvəkkil Azərbaycan diasporunun üzvləri ilə görüşəcək
Moskva, 25 aprel, AZƏRTAC
Azərbaycan Milli Məclisinin deputatl, rus icmasının sədri Mixail Zabelin və Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov Sverdlovsk vilayətində insan hüquqları üzrə müvəkkil Tatyana Merzlyakova ilə görüşüblər.
Mixail Zabelin Azərbaycanda Qələbə bayramına hazırlığın gedişindən, Bakıda tədrisin rus dilində aparıldığı məktəblərin işindən, rus mədəniyyətinin qorunub saxlanmasından danışıb və Ombudsman aparatına “Azərbaycandakı ruslar” adlı filmi hədiyyə edib.
Tatyana Merzlyakova Sverdlovsk vilayətində Azərbaycan diasporu ilə aparılan işdən söhbət açaraq qeyd edib ki, bir çox məsələlərin tez bir zamanda həll edilməsində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun böyük rolu vardır.
M.Zabelin Yekaterinburqda azərbaycanlı Emil Hüseynovun qətlinin təhqiqatı ilə əlaqədar vəziyyəti diqqət mərkəzində saxlamağı xahiş edib. T.Merzlyakova bildirib ki, RF İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi müstəntiqlərinin işi onda sual doğurmur, bununla belə, o, Azərbaycan diasporunun üzvləri ilə görüşməyə hazırdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva