MƏDƏNİYYƏT


Sverdlovsk vilayətinin sakinləri “armudu stəkanda çay” nə demək olduğunu biləcəklər

Bakı, 9 avqust, AZƏRTAC

Sverdlovsk vilayətində keçirilən İrbit yarmarkası çərçivəsində “Çay küçəsi” adlı məkan təşkil ediləcək. Dünya xalqlarının çayla bağlı ənənə və mərasimlərinin təqdim olunacağı bu tədbirdə Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu, Qazaxıstanın ticarət nümayəndəliyi və Uralda “ivan çay” və ya “yağı çayı” istehsalçıları iştirak edəcəklər.

AZƏRTAC “kommersant.ru” saytına istinadla xəbər verir ki, “Çay küçəsi” məkanında kəklikotu qatılmış Azərbaycan çayının dəmlənməsi və süfrəyə verilməsi qaydaları, “armudu stəkanda çay”, “ivan-çay”ın hazırlanması qaydaları və onun nadir xassələri barədə məlumat veriləcək.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən İlqar İsgəndərovun sözlərinə görə, “Çay küçəsi” daimi məkana çevrilə bilər. O deyib: “Tədricən digər diplomatik missiyaların da bu tədbirə qoşulması nəzərdə tutulur. Hər bir millətin əsrlərboyu nəsildən-nəslə ötürdüyü ənənələri var. Çay həm belə ənənələrin bir qismini, həm də ölkələrin və xalqların tarixini əks etdirir”.

2017-ci ildə İrbit yarmarkası avqustun 11-dən 13-dək keçiriləcək. 1643-cü ildən 1929-cu ilə qədər müntəzəm surətdə keçirilən bu tədbir Rusiyada ən iri yarmarkalardan biri hesab edilirdi. 2003-cü ildə Sverdlovsk vilayəti hakimiyyət orqanlarının təşəbbüsü ilə İrbit yarmarkası bərpa olunub. Çindən gələn “Böyük çay yolu” XVIII əsrdən etibarən İrbitdən keçirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.