İDMAN
“Synergy Baku” komandası Fransada keçirilən “Tour du Loir et Cher” veloyürüşündə mübarizəni davam etdirir VİDEO
Bakı, 18 aprel (AZƏRTAC). Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Fransada keçirilən “Tour du Loir et Cher” yürüşündə mübarizəni davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci mərhələsində iştirakçılar 198 kilometr məsafə qət etmişlər.
Bu mərhələdə finişi liderdən 15 saniyə gec keçməklə 38-ci olan velospiedçimiz Maykl Şvayzer təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülmüşdür. O, ikinci mərhələdə nümayiş etdirdiyi qələbə əzminə görə təltif olunmuşdur.
Komandamızın digər üzvlərinin çıxışına gəlincə, Aleksandr Surutkoviç və Patrik Leyn də M.Şvayzerlə eyni nəticə göstərmişlər. İki mərhələdən sonra ümumi sıralanmada “Synergy Baku” üzvlərindən ən yüksək göstərici Yan Sokola məxsusdur. Velosipedçi liderdən 24 saniyə geri qalmaqla 13-cüdür.
Səhhətindəki problemlər səbəbindən birinci mərhələdə istədiyi kimi çıxış edə bilməyən idmançımız Konnor Makkonvey artıq yürüşdə çıxışını dayandırmışdır. Hazırda “Synergy Baku” “Tour du Loir et Cher”də mübarizəni 5 velosipedçi ilə davam etdirir.
İki mərhələdən sonra “Synergy Baku” komanda hesabında 30 iştirakçı arasında 6-cı yerdə qərarlaşmışdır.