İDMAN
“Synergy Baku” komandası “Tour of Hainan” veloyürüşündə uğurla çıxış edir VİDEO
Çində Beynəlxalq Velosipedçilər İttifaqının ikinci kateqoriyalı “Tour of Hainan” veloyürüşü davam edir.
AZƏRTAC xəbər verir ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda mübarizə aparır.
Yürüşdə ölkəmizi təmsil edən “Synergy Baku” kontinental komandasının iki üzvü geridə qalan iki mərhələdən sonra ümumi sıralamada ilk onluqda qərarlaşıb. Velosipedçilərimizin hamısı - Maksim Averin, Aleksandr Surutkoviç, Kristof Şvayzer, Elçin Əsədov, Samir Cəbrayılov, İsmayıl İlyasov və Ənvər Asanov 85,4 kilometrlik ilk mərhələdə finişi eyni anda keçən pelotonun içərisində olublar.
İkinci mərhələdə isə iştirakçılar 207 kilometr məsafə qət ediblər və bu dəfə də təmsilçilərimiz mərhələ qalibi ilə eyni nəticəyə imza atıblar.
İki mərhələdən sonra ümumi sıralamada Aleksandr Surutkoviç 6-cı, Elçin Əsədov isə 9-cu yerdə qərarlaşıb. “Synergy Baku” komanda hesabında 20 kollektiv arasında 8-cidir.
Oktyabrın 22-də keçiriləcək üçüncü mərhələdə velosipedçilər 134,7 kilometr məsafə qət edəcəklər.