İDMAN
“Synergy Baku”nun velosipedçisi “Le Tour de Bretagne” yürüşünün ikinci mərhələsinin qalibi olub
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Fransada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Le Tour de Bretagne” veloyürüşündə mübarizə aparır.
AZƏRTAC xəbər verir ki, 7 mərhələli yarışın 172 kilometrlik ikinci etapı komandamızın üzvü Matey Müqerlinin qələbəsi ilə yadda qalıb. Məsafəni 3 saat 53 dəqiqə 52 saniyəyə başa vuran velosipedçimiz finişi ondan sonra keçən pelotonu 2 saniyə qabaqlayıb. Pelotonun içərisində olan digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.
Qələbəyə görə xoşbəxt olduğunu və komanda yoldaşlarına dərin minnətdarlığını bildirən Matey Müqerli mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb.
“Synergy Baku”nun heyətində bu ilin əvvəlindən etibarən çıxış etməyə başlayan Sloveniya çempionu Matey Müqerlinin mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşündə də iştirakı planlaşdırılır.