DÜNYA
TACİKİSTANDA NƏHƏNG TORPAQ SÜRÜŞMƏSİ VƏXŞ ÇAYININ QABAĞINI KƏSƏ BİLƏR
Təxminən 3 milyon kubmetr həcmində torpağın sürüşməsi nəticəsində Tacikistanın əsas Su elektrik stansiyalarının yerləşdiyi Vəxş çayının qabağı kəsilə bilər. Bu barədə İTAR-TASS-ın müxbirinə respublika fövqəladə hallar nazirinin birinci müavini Əbdürrəhim Rəcəbov xəbər vermişdir. Onun dediyinə görə, Nurek şəhərindən 25-30 kilometr aşağıda yer sürüşməsinə martın 3-də Mərkəzi Asiya ərazisində baş verən zəlzələ səbəb olmuşdur.
Rəcəbovun fikrincə, nəhənğ sürüşmə davam edərsə, Vəxş çayında təbii bənd yarana, bu da sonradan faciənin miqyasını genişləndirə bilər. Hazırda mütəxəssislər bu təhlükəli sahəni tədqiq edirlər. Tədqiqatların nəticələri barədə ölkə rəhbərliyinə məlumat veriləcəkdir. Əbdürrəhim Rəcəbov belə hesab edir ki, çox güman, sürüşmənin qarşısını almaq üçün bir sıra partlayışlardan istifadə etmək barədə qərar qəbul ediləcəkdir.