İQTİSADİYYAT
TAIEX layihəsi üzrə “Torpaqların idarə edilməsi üzrə monitorinq üsulları” mövzusunda təlim keçirilib
Bakı, 5 avqust, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsində Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) layihəsi çərçivəsində “Torpaqların idarə edilməsi üzrə monitorinq üsulları” mövzusunda təlim keçirilib. Bu məqsədlə Sloveniyanın Dövlət Torpaq və Xəritəçəkmə Agentliyinin sədr müavini Tomas Petek ölkəmizdə səfərdə olub. Tədbirdə komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.
Komitədən AZƏRTAC-a bildirilib ki, Sloveniya təcrübəsinə həsr olunan təlimdə T.Petek 1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkəsinin əldə etdiyi torpaq islahatı ilə bağlı təcrübə barədə danışıb.
Tədbirdə müasir üsulların tətbiqi ilə torpaqların səmərəli istifadəsi, mühafizəsi ilə bağlı monitorinqlərin keçirilməsi, torpaqların beynəlxalq təcrübəyə əsasən qiymətləndirilməsi və təyinatının dəyişdirilməsinin əsaslandırılması, həmçinin torpaq idarəçiliyinə həsr olunmuş digər mövzular barədə məlumat verilib.
Qeyd olunub ki, Sloveniya modelindən faydalanaraq, Azərbaycanda torpaqların idarə olunması və monitorinqi üsulları sahəsində təkmilləşdirmələr aparmaq mümkündür. Vahid elektron baza yaradılarsa və maraqlı şəxslərin ona rahat çıxışı təmin edilərsə, xidmətlərin keyfiyyət səviyyəsi də artırıla bilər.
Avropa İttifaqının direktivinə əsasən, Sloveniyada INSPIRE təşəbbüsü tətbiq edilir. INSPIRE – məkan məlumatlarının vahid bazadan alınması modelidir. Bu sahədə növbəti addım kimi Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafı dönəmində torpaqların idarə edilməsi və kadastrı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, mövcud sənədlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılmış kadastr məlumat bazasının yaradılması üzrə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab edilir.