ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ MƏLUMATI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Baki şəhərində 2002-ci il iyulun 20-də, 25-də və 28-də, Naxçıvan şəhərində isə iyulun 30-da respublikanın ali məktəblərinə keçirilmiş qəbul imtahatlarında bütün qruplar üzrə istifadə olunmuş test tapşırıqlarını və onların düzgün cavablarını “Abituriyent” jurnalının 6-cı sayında çap etmişdir. Həmin informasiya TQDK-nın İnternet saytında da öz əksini tapmışdır: /tqdk.gov.az/
Düzgün cavablar avqustun 1-də imtahan testlərinin TQDK tərəfindən təşkil olunmuş ekspertizası prosesində müstəqil ekspertlər tərəfindən təsdiq edilmişdir.
Abituriyentlər jurnalın köməyi ilə nəticələr elan edilənə qədər öz doğru və səhv cavablarını öyrənib topladıqları balları hesablaya bilərlər.
Jurnalda imtahan fənləri, onların altqruplar üzrə çəki əmsalları, imtahan ballarının hesablanması qaydası haqqında məlumatlar da bir daha abituriyentlərin nəzərinə çatdırılır.
Orta məktəb şagirdləri, gələcək abituriyentlər növbəti tədris ili üçün ali məktəbə mükəmməl hazırlaşmaq üçün bu test kitabçalardan elmi-metodiki və məşq materialı kimi istifadə edə biləcəklər.
Ali məktəblərə qəbul olanların siyahısı avqustun ilk on günlüyü ərzində “Abituriyent” jurnalında çap ediləcək və TQDK-nın İnternet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələrini həmçinin Azersellin mesaj xidmətindən də öyrənə biləcəklər. Nəticələr elan olunduqdan sonra təhsil formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş abuturiyent lazımi sənədləri 10 gün müddətində yerləşdirildiyi təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir, əks halda, o, ali məktəbə qəbul olunmur. Qəbul olmayan abituriyentlər öz imtahan nəticələri barədə arayışları bilavasitə sənəd verdikləri komissiyalardan ala bilərlər.