İQTİSADİYYAT
TANAP 25 illik müddətə nəzərdə tutulub, bu müddət 49 ilə kimi uzadıla bilər
Bakı, 4 iyul, Nihad Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri (TANAP) üzrə nəzərdə tutulan daşınma tarifi hər min kubmetr qaza 70 dollar təşkil edəcək. TANAP-la nəql ediləcək min kubmetr qaz üçün Türkiyəyə 5,95 dollar vergi ödəniləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, hazırda layihə çərçivəsində tikinti sahələrində 6 min, ümumilikdə isə 15 min nəfər çalışır. TANAP-ın Türkiyə hissəsində 4,5 milyard dollarlıq iş icra edilir. Bunun da 80 faizini, yəni 3,6 milyard dollarlıq iş həcmini türk şirkətlər həyata keçirir.
“Layihənin 11,2 milyard dollarlıq sərmayə ilə tamamlanması nəzərdə tutulurdu. Neft və poladın qiymətlərinin ucuzlaşması layihənin xərclərinin 2,5 milyard dollaradək azalmasına səbəb olub”, - deyə S.Düzyol əlavə edib.
TANAP-ın baş direktoru bildirib ki, 2018-ci ilin iyunundan Əskişəhərdə ilk qazın Türkiyəyə paylanması nəzərdə tutulur. İlkin mərhələdə 2 milyard kubmetr qaz nəql olunacaq. Qarşıdakı 3 ildə bu həcm 6 milyard kubmetrə çatacaq. Boru kəməri 25 illik müddətə nəzərdə tutulub, bu müddət 49 ilə kimi uzadıla bilər”.
Qeyd edək ki, TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düyüm diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düyüm diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düyüm diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Bu ilin mayınadək layihənin ümumi inkişafı 26,3 faiz təşkil edir. Bu dövrədək 1166 kilometrlik borular istehsal olunub, 929 kilometr uzunluğunda borular tikinti sahələrinə çatdırılıb və 533 kilometr borunun qaynağı tamamlanıb. Həmin tarixədək layihələ 2 milyard 91,2 milyon dollar həcmində sərmayə qoyulub. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP - 12 faiz.