İQTİSADİYYAT


TANAP-ın inşası çərçivəsində rekorda imza atılıb

A+ A

Bakı, 15 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası çərçivəsində tikinti podratçılardan olan “Tekfen İnşaat” şirkəti boru kəmərinin 2 min metrlik hissəsini 14 saat ərzində qaynaq edərək rekorda imza atıb.

AZƏRTAC “Tekfen İnşaat”a istinadla xəbər verir ki, indiyədək Türkiyə və dünyada 6 min kilometrdən çox boru xətti döşəyən şirkət dünyada ilk dəfə olaraq TANAP-ın 2 min metrlik hissəsini 14 saat ərzində birləşdirərək rekord müəyyənləşdirib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC-58 faiz, “Botaş”-30 faiz və BP şirkəti - 12 faiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.