DÜNYA
TANINMIŞ REJİSSORUN KİTABI
Özbəkistan respublikası mədəniyyət işləri nazirliyi və M.Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyası Azərbaycanın və Özbəkistanın xalq artisti, dövlət mükafatı laureatı Firudin Səfərovun “Musiqili teatrın parametrləri” kitabını rus dilində çapdan buraxmışdır.
Bu metodik tədris vəsaitində opera əsərlərinin səhnələşdirilməsi, teatr və onun məqsədi, müğənni-aktyorun hazırlanması, opera rejissorluğunun bir sıra incə məsələləri təhlil edilir.
Özbəkistanın əməkdar incəsənət xadimi, professor Rövşən Yunusov kitaba ön söz yazmışdır. Orada deyilir: - Geniş erudisiyası, fundamental biliyi, rejissorluq fəaliyyətində böyük təcrübəsi olan Firudin Səfərov son dərəcə gərəkli və elmi cəhətdən qiymətli bir əsər ortaya qoymuşdur.
Ön sözdə daha sonra deyilir: - F.Səfərov Bakı və Daşkənd opera teatrlarının səhnəsində 60-a yaxın operaya quruluş vermişdir. Böyük Üzeyir Hacıbəyovun Bakı teatrında uzun illərdən bəri göstərilən “Koroğlu”, “Leyli və Məcnun” operalarının quruluşçu rejissoru da F.Səfərovdur. O, P.Çaykovskinin Daşkənd teatrında oynanılan 6 əsərindən 5-nin quruluşçu rejissorudur.
Bu kitab musiqili teatr tədqiqatçıları, opera rejissorları, həmçinin konservatoriya və musiqi məktəblərinin tələbələri, eyni zamanda vokal sənəti ilə maraqlananlar üçün nəzərdə tutulubdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
DAŞKƏND