İQTİSADİYYAT


TAP AG Albaniyanın Çorovoda şəhərindəki körpünün yenidən qurulması işlərini başa çatdırıb

A+ A

Bakı, 3 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru olan TAP AG Albaniyanın Çorovoda şəhərində nəqliyyat infrastrukturunu və üzərindən iki zolaqlı yol keçən körpünün yenidən qurulması işlərini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TAP AG-nin saytında məlumat verilir. Bildirilir ki, infrastrukturun yaradılması Albaniyanın həmin hissəsində yerləşən Osumi kanyona və digər görməli yerlərinə turistlərin gəlişini asanlaşdıracaq.

Çorovodadakı körpünün yenilənməsi Albaniyada TAP ictimai sərmayə proqramının bir hissəsidir. TAP Albaniyada fəal oyunçu olmağı, investisiya layihələrində iştirakı və yerli ictimaiyyət nümayəndələri ilə sıx əməkdaşlığı planlaşdırılır və həyata keçirir.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Bu il Azərbaycanın TAP layihəsinə 278 milyon dollar ayırması planlaşdırılır.

TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.