İQTİSADİYYAT
TAP AG ilə Albaniya bu ölkəyə maliyyə dəstəyinin artırılması üzrə razılığa gəliblər
Bakı, 21 dekabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru olan TAP AG şirkəti ilə Albaniyanın Energetika və Sənaye Nazirliyi bu ölkəyə daha çox maliyyə dəstəyi və yardımın verilməsi üzrə əvvəlki razılıqda dəyişiklik ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Albaniyanın Energetika və Sənaye Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, danışıqların yeddinci ayında tərəflər yerli qaz sektoru üzrə təlim ödənişlərinə yenidən baxılması və icmalara investisiyaların artırılması barədə razılığa gəliblər.
Qeyd edək ki, indiyədək TAP-ın Yunanıstan və Albaniyadakı ümumilikdə 765 kilometrlik marşrutunun 219 kilometri üzrə ərazi artıq təmizlənib. Boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniyada 80 kilometr uzunluğunda borular qaynaq edilib.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Boru kəmərinin inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).