İQTİSADİYYAT


TAP AG şirkəti və Albaniya Amerika İnkişaf Fondu Albaniyada iki baxış platforması istifadəyə verib

Bakı, 6 iyun, Nihad Budaqov, AZƏRTAC

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru olan TAP AG şirkəti və Albaniya Amerika İnkişaf Fondu (AADF) Albaniyada Osumi kanyonu üzərində iki baxış platforması istifadəyə verib.

AZƏRTAC TAP AG-yə istinadla xəbər verir ki, bununla bağlı Çorovoda rayonunda keçirilən mərasimdə TAP-ın Albaniya üzrə baş direktoru Şkelqim Bozqo və AADF-in icraçı direktorunun müavini Martin Mata və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, AADF və TAP Çorovoda rayonu və ətrafdakı Skrapari bölgəsində iki panoram balkonların inşasına təxminən 132 avro investisiya qoyub. Platformanın tikintisi əraziyə gələn turistlərin təhlükəsiz gəzintisinə imkan yaradacaq.

Tikinti işləri 2016-cı ilin oktyabrında başlanılıb və bu prosesdə təxminən 100 nəfər işlə təmin olunub.

Platformaların tikintisi əraziyə daha çox turistin cəlb edilməsi və yerli icmaların dəstəklənməsini nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli ötən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Boru kəmərinin inşası üzrə işlərin 42 faizi icra edilib.

TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin inşasında istifadə ediləcək təxminən 13 min borunun indiyədək 85 faizi sahələrə təhvil verilib. Ötən ilin aprelindən etibarən TAP-ın Albaniya hissəsinin tikintisində istifadə olunacaq borular Durres limanına gəlməkdə davam edir. Həmin boruların ümumi çəkisi 126 min tondur.

İndiyədək Albaniyada TAP kəməri marşrutu üzrə 98 kilometr ərazi təmizlənib, 84 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 71 kilometri qaynaq edilib. Təxminən 50 kilometr boru isə qaynaq edildikdən sonra torpaq altına basdırılıb.

Mayın 10-da TAP qaz boru kəmərinin Albaniya ərazisindən keçən hissəsinin inşası müvəqqəti dayandırılıb. Buna səbəb tikinti işləri zamanı Korçe vilayətinin Turan kəndi ərazisində qədim yaşayış məskəninin izlərinin aşkarlanmasıdır. Qiymətləndirməyə əsasən, tapılan qalıqlar eradan əvvəl X-IX əsrlərə məxsusdur. Layihənin podratçısı tikinti işlərini dərhal dayandırıb və tapılan əşyalar barədə Albaniyanın Arxeoloji Xidmət üzrə Agentliyinə məlumat verilib. Hazırda alban arxeoloqlar tərəfindən ərazidə qazıntı işləri aparılır. Boru kəmərinin tikintisində işlər azı 1 ay gecikəcək. TAP-ın tarixi irs üzrə baş məsləhətçisi Nil Ferbern bildirib ki, konsorsium tarixi və mədəni irsin qorunmasına olduqca böyük əhəmiyyət verir.

Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi isə artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro civarında olacaq. Ümumilikdə, TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək. Albaniya Bankı (“Bank of Albania”) tərəfindən yayılan məlumata görə, ötən il bu ölkədə TAP layihəsinə yatırılan 369 milyon avro dəyərindəki sərmayə birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.

TAP-ın ümumilikdə 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutu boyunca ərazinin 358 kilometri - təxminən 45 faizdən çoxu təmizlənib.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisinə artıq başlanılıb. Kompressor stansiyalarının Mühəndislik, Təchizat və Tikintisi (EPC) üzrə podratçı - İtaliyanın “Renco S.p.A” və Yunanıstanın “Terna S.A.” birgə müəssisəsi tikinti işlərinə başlayıb. Hazırda ərazilərdə torpaq təmizləmə işləri görülür, həmçinin lazımi materiallar sahələrə çatdırılır. İşlər qrafik üzrə aparılır. Bundan başqa, Fierdə 4 minədək daş sütunun yığılması qrafikə uyğun olaraq başlayıb. Stansiyaların inşası təxminən iki il ərzində fasiləsiz həyata keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilir və bu ilin sonuna kimi təhvil veriləcək.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.