İQTİSADİYYAT
TAP SOCAR ilə 4 Avropa ölkəsinin İon-Adriatik qaz boru kəməri üzrə imzalanan Anlaşma Memorandumu alqışlayır
Bakı, 29 avqust, Nihad Budaqov, AZƏRTAC
TAP SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsinin gələcəkdə tikintisi üzrə imzalanan Anlaşma Memorandumu alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri TAP-ın icraçı direktoru Yan Bradşou deyib.
“Bu Anlaşma Memorandumu Cənub-Şərqi Avropa üzrə enerji əməkdaşlığını artırır, regionun enerji təhlükəsizliyi və şaxələndirilməsi baxımından mühüm addımdır. TAP İon-Adriatik qaz boru kəməri və Yunanıstan-Bolqarıstan dövlətlərarası konnektorunun (Interconnector-Greece-Bulgaria (IGB) daxil olmaqla regionun önəmli qaz infrastrukturlarına birləşmələrini asanlaşdırmağa sadiqdir”, - deyə Y.Bradşou əlavə edib.
Qeyd edək ki, sözügedən memorandum avqustun 25-26-da baş tutan Dubrovnik Forumu çərçivəsində imzalanıb.
Xatırladaq ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP-a qoşulması ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. 871 kilometr uzunluğundakı TAP Yunanıstan, Albaniya və İtaliyaya Adriatik dənizi vasitəsilə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı nəql etməlidir. İon-Adriatik qaz boru kəmərinin 516 kilometr uzunluğunda olması və Albaniyanın Fier şəhərində TAP-a qoşulması nəzərdə tutulur. Bu boru kəməri Albaniyadan başlayaraq Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Xorvatiyanın Split şəhərində başa çatacaq. Xorvatiyadan isə Macarıstan, Mərkəzi və Qərbi Avropa ölkələrinə təbii qaz nəql edilə bilər. Boru kəməri ilə ildə 5 milyard kubmetr qazın nəqli planlaşdırılır.