İQTİSADİYYAT
TAP boru kəmərinin kompressor stansiyalarının tikintisinə 2017-ci ilin ikinci rübündə başlanılacaq
Bakı, 23 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstanda (Kipoi) və Albaniyada (Fier) 2 kompressor stansiyası tikiləcək. Kompressor stansiyalarının tikintisi təxminən iki il ərzində fasiləsiz həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib. O bildirib ki, kompressor stansiyalarının inşası üzrə hazırlıq işləri bu ilin üçüncü rübündə başlayıb. Stansiyaların tikintisinə isə 2017-ci ilin ikinci rübündə start veriləcək.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.
Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Bu il Azərbaycanın TAP layihəsinə 278 milyon dollar ayırması planlaşdırılır.
TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).