İQTİSADİYYAT


TAP-ı polad məhsulları ilə təmin etmək məqsədilə konsorsium yaradılıb

A+ A

Bakı, 9 iyul, Nihad Budaqov, AZƏRTAC

Yaponiyanın “JFE Steel Corporation” şirkəti Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (Trans Adriatic Pipeline - TAP) qaz boru kəməri layihəsini polad məhsulları ilə təmin etmək məqsədilə Yunanıstanın boru istehsalçısı “Corinth Pipeworks Pipe Industry S.A.” (CPW), eləcə də “Marubeni-Itochu Steel Inc.” (MISI) şirkəti ilə konsorsium yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “JFE Steel Corporation” şirkətinin saytında məlumat verilir. Bildirilir ki, həmin şirkətlər TAP-ı ümumilikdə 78 min ton polad məhsulları ilə təmin edəcəklər. Konsorsium boru kəmərini isti polad rulonlar, plitələr və “UOE” tipli borularla təmin etməyi nəzərdə tutur.

“JFE Steel Cooperation” Yaponiyanın Fukuyama və Keihin rayonlarındakı zavodunda istehsal edəcəyi polad rulonlar və plitələri bu ilin sonundan etibarən “Marubeni-Itochu Steel Inc.” şirkəti vasitəsilə “Corinth Pipeworks Pipe Industry S.A.”ya göndərəcək.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Mayın sonlarına kimi layihə üzrə iş həcminin 19,5 faizi yerinə yetirilib və ümumilikdə 877 milyon avro həcmində sərmayə qoyulub. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.