İQTİSADİYYAT


TAP-ın Albaniya hissəsində istifadə ediləcək boruların 65 faizi çatdırılıb

Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC 

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisində istifadə olunacaq və əsasən 18 metr uzunluğundakı 4 min 900 polad boruların Albaniyanın Durres limanındakı əsas stansiyadan Korçadakı sahələrə nəql edilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TAP-ın “twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, bu, 2017-ci ildə boru kəmərinin şərq hissəsində tikinti işlərinə başlamağa imkan verəcək. Həmin hissə təxminən 86,5 kilometr olmaqla TAP-ın Albaniya ərazisindəki 215 kilometrlik hissənin təxminən 40 faizini təşkil edir.

İndiyədək Albaniyada istifadə olunacaq 12 mindən çox borunun 65 faizi çatdırılıb. Təqribən 4 min boru Fier ərazisinə, 300 boru Berat ərazisinə və 300-ü isə Korça istiqamətinə daşınıb.

Qeyd edək ki, bu vaxtadək TAP boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniyada 80 kilometr uzunluğunda borular qaynaq edilib. Kəmərin marşrutu boyunca 190 kilometr hissə təmizlənib, polad boruların 110 kilometri marşrut üzrə sahələrə düzülüb.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Boru kəmərinin inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.