İQTİSADİYYAT
TAP-ın Albaniyadan keçən hissəsinin marşrutu boyunca körpülərin tikintisinə və yolların bərpasına başlanılıb
Bakı, 6 iyul, Nihat Budaqov, AZƏRTAC
“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində TAP-ın Albaniyadan keçən hissəsinin marşrutu boyunca körpülərin tikintisinə və yolların bərpasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, bununla bağlı keçirilən tədbirdə TAP-ın icraçı direktoru Yan Bredşou, Albaniyanın Baş naziri Edi Rama və bu ölkənin energetika naziri Damyan Qyiknuri iştirak ediblər.
Baş nazir Edi Rama və energetika naziri Damyan Qyiknuri TAP boru kəməri layihəsinin Albaniya üçün əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, ölkənin ən böyük xarici investisiyalarından biri olan TAP Albaniyanın enerji sektoruna müsbət təsir göstərəcək və ümumilikdə xarici investisiyaların təşviqinə təsir edəcək.
TAP-ın icraçı direktoru Yan Bredşou isə qeyd edib ki, boru kəmərinin marşrutu boyunca Albaniyadakı giriş yollarının və körpülərin ekoloji baxımdan təhlükəsiz tikintisi 2020-ci ildə Xəzər qazının Avropaya çıxışını təmin edəcək müasir boru kəmərləri halqasının inşası məqsədi daşıyır.
"Biz ətraf mühitə minimum təsir və sıfır zərər prinsipinə sadiqik. Bu da öhdəliyin həyata keçirilməsində mühüm addımdır", - deyə TAP-ın icraçı direktoru vurğulayıb.
TAP-ın Albaniyadan keçən hissəsində boru kəmərinin marşrutu boyunca təxminən 100 kilometr yolun bərpası, üç yeni körpünün tikintisi və 40-dan çox mövcud körpünün bərpası nəzərdə tutulub. Bütün bu işlərin 2016-cı ildə başa çatdırılması planlaşdırılıb.
Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoidə Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.
TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).