İQTİSADİYYAT


TAP-ın inşası üzrə Yunanıstan, Albaniya və İtaliyada 70 kilometr borular qaynaq olunub

A+ A

Bakı, 17 noyabr, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində 6 ay ərzində Yunanıstan, Albaniya və İtaliyada 70 kilometr uzunluğunda borular qaynaq edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə TAP-ın “twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, hesabat dövründə boru kəməri marşrutu üzrə ən azı 178 kilometr hissə təmizlənib, polad boruların 102 kilometri marşrut boyunca sahələrə düzülüb.

Qeyd edək ki, bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. Azərbaycanın bu il TAP layihəsinə ümumilikdə 278 milyon dollar ayırması planlaşdırılır.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.