İQTİSADİYYAT
TAP layihəsi çərçivəsində növbəti tender elan olunub
Bakı, 29 mart, AZƏRTAC
“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində qəbul terminalının tikintisi və İtaliya ərazisində quruda boru kəmərinin quraşdırılması üzrə tender elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, tenderdə boru kəmərinin qəbul terminalının və 36 düymlük 8 kilometr uzunluğunda kəmərin tikintisi, satışı və layihələndirilməsi nəzərdə tutulub. Boru kəmərinin qəbul terminalı qazı kəmərin quruda yerləşən hissəsindən alaraq TAP-ın əsas hissəsini idarə edəcək. Terminal ətraf ərazilərə inteqrasiya olunacaq və ərazidə vizual təsiri məhdudlaşdıracaq. Bu avadanlıq “Snam Rete” qaz şəbəkəsinə qoşulacaq.
TAP-ın satınalmalar üzrə direktoru Knut Steinar Kvindesland bildirib ki, tenderdə iştirak edən iddiaçılar arasında sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə “sıfır zərər siyasəti” nümayiş etdirmə qabiliyyətinə malik olan, yüksək standartlar əsasında fəaliyyət göstərən şirkətlərə üstünlük veriləcək.
Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoidə Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan qazı TAP vasitəsilə Avropaya 2019-cu ilin sonunda nəql olunacaq.
TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz) şirkətləridir.