İQTİSADİYYAT
TAP üzrə Albaniyada giriş yolları və körpülərin modernləşdirilməsi davam edir
Bakı, 26 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri üzrə indiyədək Albaniyada giriş yolları və körpülərin modernləşdirilməsinin birinci mərhələsinin 92,4 faizdən çoxu başa çatıb.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib. “Hazırda bütün tikinti işlərinə paralel olaraq, boru kəməri üzrə giriş yolları və körpülərin modernləşdirilməsi prosesi davam edir. 60 ton ağırlığında boruəyən texnika və avadanlıq bizə imkan verir ki, uzunluğu 18 metr və ağırlığı 16 ton olan 1000-dən çox borunu kəmərin marşrutu boyunca daha ucqar rayonlara çatdıraq. İndiyədək 48 kilometr yol və 42 körpünü əhatə edən giriş yolları və körpülərin modernləşdirilməsi işlərinin birinci mərhələsinin 92,4 faizdən çoxu başa çatıb. Yolların bərpasının ikinci mərhələsi üzrə 100 kilometrlik hissənin mühəndislik, təchizat və tikintisi (EPC) isə Fransanın “SPIECAPAG” şirkəti tərəfindən həyata keçiriləcək. Hazırda tikinti işləri iki düşərgə və iki boru meydançasında aparılır”, - deyə L.Givert əlavə edib.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin seqmenti olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi planlaşdırılır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).