İQTİSADİYYAT


TAP üzrə Albaniyada yollar və körpülərin modernləşdirilməsinin birinci mərhələsi başa çatıb

A+ A

Bakı, 13 yanvar, Nihad Budaqov, AZƏRTAC

“Trans-Adriatik” (TAP) qaz boru kəməri üzrə Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi artıq başa çatıb.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.

O qeyd edib ki, bu mərhələdə təxminən 58 kilometr yolların, iki yeni körpünün tikintisi və 40 körpünün isə əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. 60 ton ağırlığında boruəyən texnika və avadanlıq bizə imkan verir ki, uzunluğu 18 metr və ağırlığı 16 ton olan 1000-dən çox borunu kəmərin marşrutu boyunca daha ucqar rayonlara çatdıraq. Modernləşdirilən həmin yeni yollar və körpülər qarşıdakı onilliklər boyu yerli icmaların rahat istifadəsinə şərait yaradacaq.

L.Givert deyib: “Yolların bərpasının ikinci mərhələsi üzrə təqribən 120 kilometrlik hissənin mühəndislik, təchizat və tikintisi (EPC) isə boru kəmərinin podratçısı Fransanın “Spiecapag” şirkəti tərəfindən həyata keçiriləcək”.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizinin seqmenti olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.