DÜNYA
TARİXDƏ ƏN GÜCLÜ MÜHAFİZƏ OLUNAN YÜKSƏK SƏVİYYƏLİ GÖRÜŞ
Mayın 28-də İtaliya Hərbi Hava Qüvvələrinin Roma yaxınlığındakı Pratika-di-Mare bazasında yüksək səviyyədə Rusiya-NATO görüşü tarixdə ən güclü mühafizə edilən zirvə görüşü olacaqdır. Alyansa daxil olan 19 ölkənin rəhbərləri və Rusiya Prezidenti burada “iyirmiliyin” yaradılması barədə saziş imzalayacaqlar. 20 dövlət və hökumət başçısını, eləcə də onların nümayəndə heyətlərinin üzvlərini təhlükəsizlik qüvvələrinin 15 min silahlı əməkdaşı – 5 min hərbi qulluqçu və 10 min polis işçisi və xüsusi xidmət agenti mühafizə edəcəkdir.
Baş nazirin kabinetinin hərbi müşaviri general Leonardo Trikariko və təhlükəsizlik qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsinə məsul olan general Karlo Kabicozu bildirmişlər ki, İtaliya xüsusi xidmət orqanları tərəfindən hazırlanmış “mühafizə çətiri” yüksək səviyyədə keçiriləcək görüşün iştirakçılarının təhlükəsizliyinə təminat verir. Onların sözlərinə görə, “yeganə ehtimal olunan təhlükə terrorizmdir, lakin zirvə görüşünü pozmağa ekstremistlərin heç bir şansı yoxdur”. Trikariko demişdir: “Zirvə görüşü keçirilən vaxtda kiminsə onu pozmağa hazırlaşması barədə heç bir məlumat yoxdur. Bununla belə, istənilən təhlükə, o cümlədən ən az ehtimal olunan təhlükə də nəzərə alınmışdır”.
İTAR-TASS-ın verdiyi xəbərə görə, mayın 27-i və 28-də, yüksək səviyyədə görüş ərəfəsində və sammit günü mülki təyyarələrin Roma şəhəri və onun həndəvərləri üzərində uçuşlarının sayı xeyli azaldılacaqdır. Hərbçilər və xüsusi xidmət orqanlarının nümayəndələri narahatlığa görə sərnişinlərdən əvvəlcədən üzr istəyirlər. Baş tutacaq reyslərin sərnişinlərinin yükləri isə xüsusi diqqətlə yoxlanacaqdır.
Sammitin davam edəcəyi bir neçə saat ərzində havaya 24 qırıcı “Tornado” təyyarəsi, “F-104” tipli 60 təyyarə qaldırılacaq, kəşfiyyatçı “Avaks” təyyarəsindən istifadə olunacaqdır. Yerdə radarlar sistemi, “Spada” raket kompleksi quraşdırılacaqdır. Dənizdə bazaya gedən yolları İtaliya hərbi donanmasının gəmiləri qoruyacaqlar.
May ayının əvvəllərində NATO-nun üzvü olan 19 ölkənin və Rusiyanın təhlükəsizlik xidmətlərinin əməkdaşları İtaliyaya gəlmişlər. Onlar İtaliyanın SİSMİ hərbi kəşfiyyat idarəsinin agentləri ilə birgə öz liderləri üçün iş yerləri hazırlayırlar.
Sammitin rabitə xətləri və kompüter banklarında olan məlumatlar İtaliyada ilk hərbi peyk elektron təhlükəsizliyi sistemi olan “Sikral” tərəfindən qorunacaqdır. Yerdə informasiya sızmasının qarşısını almaq üçün bu ilin fevral ayında orbitə “Sikral” çərçivəsində iki ton ağırlıqda ən müasir avadanlıq çatdırılmışdır. Bütün sistemin idarəetmə mərkəzi Roma həndəvərindəki Braççano gölü yaxınlığında olan bunkerdə yerləşdirilmişdir. Bunker isə həm də hərbi gəmilərdə, təyyarələrdə və yerüstü texnikada quraşdırılmış 100 terminalla əlaqədədir.