MƏDƏNİYYƏT
TARİX MUZEYİNDƏ ELMİ-NƏZƏRİ KONFRANS
Müstəqil Azərbaycanşünaslar Birliyi “Azərbaycanşünaslar üçüncü minilliyin başlanğıcında” mövzusunda elmi-nəzəri konfrans keçirmişdir.
Birliyin sədri, tarix elmləri doktoru Rafiq Rəcəbov konfransın açılışında bildirmişdir ki, bu tədbir 12 elmi fənn- Azərbaycan tarixi, mədəniyyəti və memarlığı, habelə texniki elmlər sahəsində tədqiqat aparan alimləri öz sıralarında birləşdirən təşkilatın yaradılmasının 10 illiyinə həsr olunmuşdur. Birliyin fəaliyyətə başladığı vaxtdan bəri 9 konfrans və simpozium keçirilmiş, onun üzvlərinin əsərlərindən ibarət toplular nəşr edilmişdir. May ayında azərbaycanşünasların 2-ci qurultayını keçirmək nəzərdə tutulur. R.Rəcəbov təşkilatın beynəlxalq əlaqələrindən söz açaraq bildirmişdir ki, azərbaycanşünasların Amerika studiyası ilə səmərəli əlaqələr yaradılmışdır.
Milli Elmlər Akademiyasının akademiki Firudin Köçərli, müxbir üzvləri Nailə Vəlixanlı və İdeal Nərimanov birliyin işinə böyük töhfələrinə görə, idarə heyətinin qərarı ilə onun fəxri üzvləri seçilmişlər. Təşkilatın fəal üzvlərinə fəxri diplomlar təqdim olunmuşdur.
Konfransda Qafqaz Albaniyasının abidələri, arxeologiya elminin təşəkkülü və inkişafı, Azərbaycanda şəhərsalmanın tarixi və azərbaycanşünaslığın digər məsələləri haqqında məruzələr dinlənilmişdir.