REGİONLAR
TƏSƏRRÜFATDAXİLİ SUVARMA VƏ DRENAJ ŞƏBƏKƏLƏRİ BƏRPA EDİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Azərbaycan hökumətinin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) birgə maliyyələşdirdiyi “Şimal-Şərq İnkişaf Layihəsi”nin icrasına başlanılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi həmin layihəyə uyğun olaraq, qarşıdakı beş ildə Abşeron, Dəvəçi, Xızı və Siyəzən rayonlarında təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrini bərpa edəcəkdir. Bununla da əkin suyu qıtlığı müəyyən qədər aradan qaldırılacaq, ən başlıcası isə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına dəstək olacaqdır.
Bundan əlavə, 15 mindən çox ailənin suvarılan torpaqlardan daha çox gəlir əldə etmək imkanı yaranacaq, onların maddi durumu və həyat səviyyəsi xeyli yaxşılaşacaqdır. Layihə əsasında heyvandarlıqla məşğul olan kiçik fermerlərə, torpaq mülkiyyətçilərinə kreditlər də veriləcəkdir.
Bütün bunlar adları çəkilən rayonlarda kənd əhalisinin həyat səviyyəsinin, kənd təsərrüfatı məhsulları istehsalının yüksəlməsinə məhsuldarlığın artması və ərzaq təhlükəsizliyinin təmin olunmasına zəmin yaradacaqdır.