ELM VƏ TƏHSİL
TBİLİSİDƏ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ TƏHSIL NAZİRLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
Noyabrın 21-22-də Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın təhsil nazirlərinin III konfransı keçirilmişdir. Avropa Şurasının təhsil, mədəniyyət, mədəni irs və idman departamenti nümayəndələrinin də iştirak etdikləri bu tədbirdə “Cənubi Qafqaz ölkələrinin təhsil sahəsində əməkdaşlığının yeni mərhələsi” mövzusunda müzakirələr olmuşdur.
Azərbaycanın təhsil naziri Misir Mərdanov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, konfrans Avropa Şurasının təhsilin keyfiyyətinin təmin olunması üzrə qanunvericilik bazası yaradılmasına dair regional layihəsi çərçivəsində təşkil edilmişdir. Layihədən əsas məqsəd Cənubi Qafqaz ölkələrində keyfiyyətli təhsilin təşkili mexanizmini işləyib hazırlamaqdan və bu dövlətlərin müvafiq nazirliklərinin Avropa Şurasının aidiyyəti strukturları ilə, ilk növbədə bu təşkilatın təhsil, mədəniyyət, mədəni irs və idman departamenti ilə əməkdaşlığını genişləndirməkdən ibarətdir.
Konfrans başa çatdıqdan sonra nazir Misir Mərdanov Bolnisi rayonunun Zolgüyəş kəndinə gələrək, rayondakı Azərbaycan məktəblərinin rəhbərləri ilə görüşmüşdür. O, təkcə Bolnisi rayonundakı deyil, ümumiyyətlə, bütün Borçalı bölgəsindəki Azərbaycan məktəblərinin dərslik və tədris vəsaiti ilə təmin edilməsi üçün dövlətimizin başçısı Heydər Əliyevin göstərdiyi qayğı və diqqətdən danışaraq bildirmişdir ki, respublikamızın Təhsil Nazirliyi bütün bu məktəblərə bundan sonra da dərsliklər və tədris vəsaiti göndərəcəkdir.
Kvemo Kartli – Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze, onun birinci müalvini Əli Yüzbaşov, rayon təhsil idarəsinin rəisi Kamandar İsmayılov görüşdə çıxış edərək, Gürcüstandakı Azərbaycan məktəblərinə qayğıya görə Prezident Heydər Əliyevə və ölkəmizin Təhsil Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi – Bolnisi