MƏDƏNİYYƏT
TBİLİSİ DƏ AZƏRBAYCAN DRAM TEATRININ BİNASI ÖZÜNƏ QAYTARILACAQ
Bunu Gürcüstanın mədəniyyət naziri Sesili Qoqiberidze Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin idarə rəisləri Valeh Hacıyev və Rizvan Əliyev ilə görüşündə bildirmişdir.
Nazir dedi ki, Gürcüstan Prezidenti Eduard Şevardnadze Tbilisidə Azərbaycan Dram Teatrının fəaliyyətinin bərpa olunması haqqında 1998-ci ilin mayında xüsusi fərman imzaladığı vaxtdan bəri bu teatr üçün kadrlar hazırlanması, bina ayrılması, hər cür şərait yaradılması məsələləri ilə daim maraqlanır. Xanım Qoqiberidze Azərbaycan Prezidenti Heydər Əliyevin qayğı və diqqəti sayəsində Qax rayonunda Gürcü Dram Teatrının bərpa olunmasını, ona bina ayrılmasını və kollektivin artıq fəaliyyət göstərməsini minnətdarlıqla qeyd etdi. O dedi: “Təbii ki, bütün bunların müqabilində biz Tbilisinin ən qocaman mədəniyyət ocaqlarından biri olmuş Azərbaycan Dram Teatrının problemlərinə biganə qala bilmərik. Biz bu teatr tam fəaliyyətə başladıqdan sonra Marneulidə də Azərbaycan teatrı açmaq niyyətindəyik”.
Valeh Hacıyev Tbilisidə Azərbaycan Dram Teartının binasının özünə qaytarıldığına, onun problemlərinə qayğı ilə yanaşıldığına görə Gürcüstan rəhbərinə minnətdarlıq etdi və əmin olduğunu söylədi ki, bu qayğılar teatrın tezliklə fəaliyyətə başlamasına gətirib çlxaracaqdır. Rizvan Əliyev Dünya azərbaycanlıları gününün təsis olunmasının 10 illiyi ilə əlaqədar Tbilisidə soydaşlarımızın iştirakı ilə geniş tədbir keçirmək nəzərdə tutulduğunu bildirdi və Gürcüstanın mədəniyyət naziri Sesili Qoqiberidzeni də bu tədbirə dəvət etdi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi