İQTİSADİYYAT
TDƏŞ-Qırğızıstan əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub
Bişkek, 6 fevral, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov Bişkekdə Qırğızıstanın iqtisadiyyat naziri Arzıbek Kojoşevlə görüşüb.
Görüşdə bildirilib ki, TDƏŞ ilə Qırğızıstan arasında ticarət-iqtisadi, mədəni, humanitar, sərmayə qoyuluşu, energetika sahələrində əməkdaşlıq uğurla inkişaf edir və bu istiqamətdə görülən işlərin bir hissəsi təşkilatın Katibliyinin səyləri ilə reallaşdırılır.
Ramil Həsənov 2015-ci ildə görülən işlər haqqında danışıb və 2016-cı ildə TDƏŞ Katibliyinin xətti ilə digər türkdilli ölkələrdə, həmçinin Qırğızıstanda həyata keçiriləcək tədbirlər barədə məlumat verib.
Qeyd edilib ki, 2016-cı ildə Qırğızıstanda TDƏŞ-in Zirvə görüşünün və bu tədbir çərçivəsində ikinci Dünya Köçəri Oyunlarının keçirilməsi nəzərdə tutulur. Bu il aprelin sonunda TDƏŞ-in Katibliyi və Qırğızıstanın Ticarət-Sənaye Palatası ilə birgə Bişkekdə biznes forum da təşkil olunacaq.
Görüşdə əminlik ifadə olunub ki, bu kimi tədbirlər Qırğızıstanla TDƏŞ arasında əməkdaşlığın daha da gücləndirilməsinə kömək edəcək.
X X X
Qırğızıstana işgüzar səfəri çərçivəsində Ramil Həsənov bu ölkənin nəqliyyat və kommunikasiyalar naziri Arqınbek Malabaevlə də görüşüb.
Görüşdə TDƏŞ-in üzvü olan ölkələr - Azərbaycan, Qazaxıstan və Türkiyə ilə nəqliyyat sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Nazir ölkəsinin beynəlxalq nəqliyyat dəhlizləri haqqında məlumat verib, Balıkçı-Korumdu və Balıkçı-Ananevo-Karakol avtomobil yolunun yenidən qurulmasından danışıb.
Baş katib R.Həsənov deyib ki, yolların yüksək səviyyədə olması vacib amildir, çünki ölkə iqtisadiyyatının inkişafı bilavasitə bundan asılıdır. O xatırladıb ki, 2016-cı ildə İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində TDƏŞ-in altıncı Zirvə görüşü və bu tədbirlə bərabər ikinci Dünya Köçəri Oyunları keçiriləcək. Yaxşı olardı ki, rəsmi nümayəndə heyətlərinin rəhbərlərini gətirəcək təyyarələr birbaşa vilayətin Tamçı qəsəbəsindəki aeroportda ensinlər. Baş katib TDƏŞ-in Qırğızıstan Nəqliyyat və Kommunikasiyalar Nazirliyindən birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər gözlədiyini bildirib. O, nazir A.Malabaevi TDƏŞ-ə üzv ölkələrin nəqliyyat nazirlərinin bu il martın 8-9-da İstanbulda keçiriləcək üçüncü görüşünə dəvət edib.
Nazir qeyd edib ki, Zirvə görüşünün və Dünya Köçəri Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün tədbirlər təşkil edilir. O əlavə edib ki, İssık-Kuldakı aeroport böyük təyyarələrin qəbul edilməsi və təhlükəsizliyin tam təmin olunması üçün modernləşdirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek