SİYASƏT
TDƏŞ-in bu il Qazaxıstanda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunub
Bişkek, 28 fevral, AZƏRTAC
Qırğızıstan Prezidenti Almazbek Atambayev bu ölkədə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənovla görüşüb.
Görüşdə türk dünyası dövlətləri arasında ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə, o cümlədən TDƏŞ-in üzvü olan ölkələr arasında bütün sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı TDƏŞ-in bu il Qazaxıstanda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələləri də müzakirə olunub.
Almazbek Atambayev TDƏŞ-in üzvü olan dövlətlər arasında siyasi dialoqun və mədəni əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsindən söhbət açıb. Prezident TDƏŞ-in Ağsaqqallar Şurasının məhsuldar işini xüsusi qiymətləndirib və ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində onun rolundan danışıb.
Dövlət başçısı Bişkekdə Köçəri Sivilizasiya Mərkəzinin yaradılması ideyası haqqında da məlumat verib.
Görüşdə TDƏŞ baş katibinin müavini Adaxan Madumarov da iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek