İDMAN
TEAS “Azərbaycan - idman foto obyektivdə” adlı yeni müsabiqə keçirir
TEAS-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə hər janrda fotoşəkillər təqdim oluna bilər. Mövzu Azərbaycanın təqdimatı və idmanın müxtəlif növləri ilə bağlı ola bilər. Seçim turunda idman yarışlarının dəyərini və ruhunu əks etdirən fotolara üstünlük veriləcək.
Müsabiqə qaliblərinin seçilmiş işləri Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə - London, Paris, Berlin, Brüssel, İstanbul və Bakıda nümayiş etdiriləcək.
Münsiflər heyətinə Ed Kaşi, Filip Ratmer kimi dünya şöhrətli fotoqraflar da daxildir.
Qalib peşəkar və həvəskar fotoqrafları müsabiqədə mükafatlar gözləyir. Bu mükafatlara Bakıya təyyarə bileti (gediş-gəliş) və mehmanxanada qalmaq üçün yer, 2015-ci ildə birinci Avropa Oyunlarına baxmaq üçün bir həftəlik bilet, yarışlar zamanı paytaxtımızda maraqlı həftəsonu keçirmək imkanları, oyunlara bir günlük giriş bileti və İPad daxildir.
Əgər qalib Bakıdandırsa, o zaman o, Paris, London, Berlin, Brüssel və İstanbul şəhərlərinə təyyarə bileti (gediş-gəliş) qazanacaq.
Müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün bu ünvana müraciət etmək lazımdır: www.teas.eu/azerbaijan-sport-in-focus