MƏDƏNİYYƏT


“TEAS Press” Nəşriyyat Evi Oljas Süleymenovun əsərlərini müxtəlif dillərdə çap edib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

“TEAS Press” Nəşriyyat Evi görkəmli qazax mütəfəkkiri və ictimai-siyasi xadimi, Qazaxıstanın Xalq Yazıçısı, ədəbiyyatşünas-alim, şair Oljas Süleymenovun əsərlərini müxtəlif dillərdə çap edib.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, buraya məşhur “Az i Ya”, “Gil kitab”, “Sözün kodu”, “Türklər tarixdən əvvəl” adlı elmi-tədqiqat əsərləri, “Tanrının təbəssümü” adlı şeirlər toplusu, habelə O.Süleymenovun həyat və yaradıcılığından bəhs edən “Oljas fenomeni” adlı kitab daxildir. Oljas Süleymenovun 80 illik yubileyi münasibətilə “TEAS Press” Nəşriyyat Evində Azərbaycan, türk və ingilis dillərinə tərcümə olunaraq nəfis şəkildə nəşr edilən bu əsərlər görkəmli mütəfəkkirin çoxşaxəli, orijinal yaradıcılığının bütün aspektlərini əhatə edir.

Dünyanın 22 görkəmli mütəfəkkiri siyahısına daxil edilən, bir çox ölkələrin, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə və Ukraynanın ali dövlət mükafatları ilə təltif olunan Oljas Süleymenovun tarix, etimologiya, linqvistika, türkologiya və slavistika sahələrindəki araşdırmaları, elmi dairələrdə güclü rezonans doğuran elmi-publisistik yazıları ona bütün Avrasiya məkanında böyük şöhrət gətirib. Lakin görkəmli tədqiqatçının elmi fəaliyyəti heç də həmişə rəğbət və təqdir qazanmayıb. Oljas Süleymenov sovet dövründə təqib olunub, əsərləri qadağan edilib, kitabları satışdan və kitabxanalardan yığışdırılıb, əsərlərinin çapına yasaq qoyulub. Məsələn, Oljas Süleymenovun çoxillik tarixi-linqvistik araşdırmalarının məhsulu olan “Az i Ya” adlı əsəri 1975-ci ildə nəşr ediləndən sonra təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada ciddi rezonans doğurub, Qərbdə tənqidçilər tərəfindən “sovet bestselleri” adlandırılıb. Əsər türk və slavyan xalqlarının tarixinə, dilinə, mədəniyyətinə tamamilə yeni və orijinal yanaşma kimi bütün dünyada böyük marağa səbəb olub.

Bütövlükdə Oljas Süleymenov yaradıcılığı həmişə öz zənginliyi, tarixiliyi və novatorluğu ilə seçilib. Ədəbi tənqidçilərin də xüsusi vurğuladıqları kimi, Oljas Süleymenov bir dövrün, bəlli bir məkanın fikir adamı deyil. Onu bir zaman kəsiyinin, məhdud bir coğrafiyanın və ya bir xalqın problemləri narahat etmir. O, tarixdən və milli mədəniyyət anlayışının sərhədlərindən tez-tez kənara çıxmağı sevir. Ədib doğma ata ocağından, dədə-baba torpağından, ilk sevgidən, hansısa ekoloji problemdən yazanda da, tarixin dərin qatlarına enib dilin və mədəniyyətin mənşəyini araşdıranda da, sözün kodunu axtaranda da, xalqları və mədəniyyətləri bir-birinə yaxınlaşdıran tarixi bağları çözməyə çalışanda da onun yalnız bir qayəsi olub – bəşər oğluna məxsus yaxşı nə varsa, hamısının dərk edilməsi, onlara sahib çıxılması, onların yenidən sərf-nəzər edilib qiymətləndirilməsi.

Oljas Süleymenov bu mənada təkrarolunmaz fikir adamıdır. Milli, ümumbəşəri dəyərləri öz əsərlərində nadir bədii-fəlsəfi təsvir vasitələrinin köməyi ilə təbliğ və tərənnüm edən, onları bir-birinə qarşı qoymayan, hətta əksinə, birinin digərinə sıx bağlı olduğunu göstərən ədibin yaradıcılığı qloballaşma əsrində, multikultural dəyərlər sisteminin rolunun ön plana çıxdığı müasir dövrümüzdə xüsusi aktuallıq kəsb edir.

“TEAS Press” Nəşriyyat Evi Oljas Süleymenovun kitablarını müxtəlif dillərə tərcümə və nəşr edərkən bütün bunlar, habelə ədibin elmi, ədəbi əsərlərinin öz obyektivliyini, aktuallığını bu gün də qoruyub saxladığı nəzərə alınıb. İlk dəfə rus dilində nəşr edilən bu kitablar dil baryerinə görə onlarla hələ tanış olmayan tarixçilər, linqvistlər, türkoloqlar, slavistlər, mifoloqlar, etimoloqlar, eləcə də bəşər sivilizasiyasının tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün maraqlı mənbə rolunu oynayacaq.

Bu kitablar təkcə ideya, elmi və bədii cəhətdən deyil, həm də nəşriyyatın çap etdiyi digər kitablar kimi ən müasir çap texnologiyasının məhsulu olaraq yüksək tərtibat səviyyəsi, eyni zamanda, son dərəcə nəfisliyi ilə diqqəti cəlb edir, həmçinin məzmunca olduğu kimi, forma cəhətdən də oxucuların zövqünü oxşaya bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.