REGİONLAR
TİKA-nın Gəncədə həyata keçirəcəyi layihələr müzakirə olunub
Bakı, 25 noyabr, AZƏRTAC
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin rəhbəri Adəm Urfanın başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti ilə keçirilən görüşdə Milli Məclisin deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə və qardaş ölkənin Gəncədəki baş konsulu Orxan İşıq iştirak ediblər.
Görüşdə Nizami yurdunun qədim tarixi, zəngin mədəniyyəti, sənaye potensialı, təhsilin inkişafı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən söhbət açılıb.
TİKA-nın Bakı nümayəndəliyinin rəhbəri Adəm Urfa Agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi layihələrdən danışıb, qurumun fəaliyyəti haqqında məlumat verib.
Görüşdə Gəncə şəhərində həyata keçirilə biləcək layihələr, həmçinin Nizami Gəncəvinin Türkiyədə tanıdılması, gənclərin inkişafı, fəallığının genişləndirilməsi, peşəyönümlü təhsillə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra nümayəndə heyəti Gəncə Tibb Kollecində olub.