İDMAN
TİM komandası “Coca-Cola U-13 Liqa”nın qalibi olub
Bakı, 25 may, AZƏRTAC
Bayıl stadionunda keçirilmiş final oyunu ilə “Coca-Cola U-13 Liqa”nın 2015/2016-cı il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “İnter” və TİM (Gəncə) komandaları arasında keçirilmiş həlledici oyunda 1:0 hesabı ilə qələbə qazanan Gəncə təmsilçisi liqanın qalibi olub. Üçüncü pilləni isə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qəbələ” komandası tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, futbol veteranı Rüstəm Rəhimov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev təqdim ediblər.
Mövsüm ərzində 67 qol vuran Ümid Səmədov (TİM) bombardirlər yarışında həmyaşıdlarını qabaqlayıb. “Qəbələ” klubunun üzvü Mehrac Baxşəliyevə “Fair-play” mükafatı verilib. Liqanın ən yaxşı futbolçusu “İnter” komandasından Seymur Məmmədov seçilib.