İQTİSADİYYAT
“TOTALFİNAELF” ŞİRKƏTİ BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİ ÜZRƏ SPONSORLAR QRUPUNA QOŞULUR
“TotalFinaElf” neft şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi üzrə sponsorlar qupu ilə saziş imzaladığını elan etmişdir. Bu saziş layihənin həyata keçirilməsinə başlanması barədə qərar qəbul olunduqdan sonra ona Neft kəməri şirkətində 5% pay almaq hüququ verir. “TotalFinaElf”-in Bakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şirkət Xəzər dənizi regionunda kəşfiyyata və hasilata dair iri layihələrə cəlb olunmuşdur. Şirkət Xəzər regionunda çıxarılan neftin ixracının etibarlılığını artırmaq, müxtəlif bazarlarda onun rəqabət qabiliyyətini və müxtəlif bazarlara yol tapmasını stimullaşdırmaq üçün çoxvariantlı ixrac yollarının yaradılmasını dəstəklədiyini dəfələrlə bildirmişdir.
Sponsorlar qrupuna qoşulmaq qərarı bu strategiyanın bir hissəsidir və layihə həyata keçirildikdən sonra şirkətə Xəzər regionunda, o cümlədən Qazaxıstanda çıxaracağı neftin bir hissəsini ixrac etmək imkanı verəcəkdir.
Şirkət Xəzər dənizinin şimalındakı yataqlarda xeyli, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” layihəsində isə 10 faiz iştirak payına malikdir.