ELM VƏ TƏHSİL
TQDK cənub bölgəsində qəbul və buraxılış imtahanları keçirib
Lənkəran, 2 iyul, Bağır Əliyev, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də Lənkəran və Masallı şəhərlərində qəbul və buraxılış imtahanları keçirib.
Qəbul imtahanlarında ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) sənəd verən abituriyentlər, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları iştirak ediblər.
Buraxılış imtahanlarında isə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilən, əvvəlki illərdə keçirilən buraxılış imtahanlarında məqbul qiymət ala bilməyən, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan şagirdlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, qəbul imtahanları Lənkəranda 3, Masallıda isə 2 binada keçirilib. İmtahanların gedişinə 24 nəfər imtahan rəhbəri, 237 nəfər nəzarətçi-müəllim nəzarət edib. Hər hansı qayda pozuntusu qeydə alınmayıb.